Tarixi sınaq günü

0

Qara Yanvar Azərbaycan millətinin azadlığı uğrunda qəhrəmanlıq mübarizəsi kimi qeyd olunur.

Bu gün Azərbaycan xalqı 20 Yanvar faciəsini yalnız Ümumxalq Hüzn Günü kimi qeyd etmir, eyni zamanda öz azadlığına və müstəqilliynə can atan millətin mübarizliyini və məğrurluğunu özündə yaşadan qəhrəmanlıq nümunəsi kimi xatırlayır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilib və dinc əhaliyə divan tutulub, nəticəsində yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdir. Xalqımız həmin günü unutmayıb və qəhrəmanlıq, sınaq günü kimi həmişə yaddaşlardadır.

Həmin günlər Ümummilli Lider Heydər Əliyev hər zamanki kimi siyasi iradə nümunəsi göstərib. Belə ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa edib.

20 Yanvar faciəsi xaqılmız üçün gözlənilməz və çox ağrıdıcı oldu. Azərbaycanda ümumxalq hüznü olsa da, amma heç kim özün itirmədi. Qırğının səhərisi günü dərhal İctimai Dəfn Komissyiası yaradıldı və bundan  sonra şəhidlərin dəfninin təşkili işlərinə başlnalıdı. Rəsmilər buna etiraz etsə də xalq hərəkatının fəallarının təkidi ilə şəhidlərin dəfn yerinin Dağüstü parkın olması qərarlaşdırıldı. Hazırda Bakıdakı Şəhdlər Xiyabanı xaqlımızın anım yerinə çevrilib.

İnsanlığa qarşı törədilmiş bu vəhşiliklərə dünya birliyinin hələ də göz yumur. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı o dəhşətli gecəni daim xatırlayır, faciəni törədənlərin ədalət qarşısına çıxacaqları günü gözləyir.

Ulu Öndər Heydər Əliyevin 20 Yanvar həqiqətlərinin ifşa olunması istiqamətində əvəzsiz xidməti olub. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Son olaraq Prezident İlham Əliyevin 13 yanvar fəmanı ilə 20 Yanvar şəhid ailələrinin təqaüdü 600 manat olub. Bu faciə qurbanlarının uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb. “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur” deyən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər il yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edirlər. Bununla yanaşı, hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Sovet imperiyası milli azadlığına qovuşmaq istəyən xalqmızın səsini törətdiyi bu terrorla boğmaq istədi. Lakin Azərbaycanın vətənapərvər övladları öz al-qanları ilə şəhidlik zirvəsinə yüksələrək qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdılar. Buna görə də Qara Yanvar Azərbaycan millətinin azadlığı uğrunda qəhrəmanlıq mübarizəsi kimi qeyd olunur. Bu faciə zamanı həyatını itirənlərin xatirəsi böyük ehtiramla yad edilir.

Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin