Bakı Dövlət Universitetinin BƏYANATI

0

Dünya qloballaşmaya qədəm qoyduqca, cəmiyyətlərarası inteqrasiya gücləndikcə nədənsə beynəlxalq müstəvidə mövcud problemlər həll olunmaq əvəzinə, daha da çətinləşir və qəlizləşir. Bu problemləri orta əsrlərdə, hətta XX əsrdə də başa düşmək olardı. XX əsrdə iki əsas fərqli sistem – sosialist və qeyri-sosialist sistemləri arasında ziddiyyətlər də arxada qalmış və yeni bir müstəviyə keçid yaranmışdır. Hazırda beynəlxalq hüquq normaları kifayət qədər sahələrə nüfuz etmiş, güclü beynəlxalq təşkilatlar (BMT, Avropa Şurası, ATƏT və s.) və geniş beynəlxalq müqavilələr sistemi qurulmuş, həqiqətən sivil və demokratik cəmiyyətlərin mövcud olduğu dövlətlər formalaşmış, mütərəqqi ideyalar daha da inkişaf etmişdir. Bəs onda nə üçün təcavüzkarlıq, soyqırımı siyasəti daha da aktivləşir, adi elementar insan hüquqları ayaqlar altına salınır, dünya da buna susur?
Başqa sözlə desək, ermənilərin xalqımıza qarşı XIX əsrdən başlayan və XX əsrdən isə sürətlənən təcavüzkarlıq və soyqırımı siyasəti dünya ictimaiyyəti tərəfindən hələ də cavabsız qalmışdır. Təcavüz və soyqırımı siyasətinin beynəlxalq ictimaiyyətin gözü qarşısında davam etməsi isə beynəlxalq əməkdaşlıq siyasətinə ağır zərbələr vurmaqdadır. Beynəlxalq ictimaiyyətin həmin hadisələrə müəyyən mənada biganə qalması, son nəticədə beynəlxalq hüququn fəaliyyətsizliyi təəssüfləndirici hal kimi xüsusi qeyd olunmalıdır. Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə (822, 853, 874, 884 nömrəli) qəbul edilmişdir. Lakin hələ də həmin qətnamələr yerinə yetirilməmişdir, bu da universal bir beynəlxalq təşkilat kimi BMT-nin nüfuzuna və onun beynəlxalq cəmiyyətdəki mövqeyinə ciddi zərbədir. ATƏT-in Minsk qrupu çərçivəsində 30 ilə yaxın müddətdə danışıqlar prosesi hələlik nəticə verməsə də, Azərbaycan ötən müddətdə münaqişənin həllində məhz beynəlxalq hüquq normalarına əsaslandığını ən müxtəlif səviyyələrdə sübuta yetirə bilmişdir.
2020-ci ilin sentyabr ayının 27-dən yeni istiqamətdə başlanan və bu gün də davam edən Ermənistanın növbəti beynəlxalq cinayətlər siyasətinin ən ağır nəticəsi isə mülki əhaliyə qarşı edilən cinayətlərdir. Burada isə ən ağır forma kimi qeyd olunmalıdır ki, 11 oktyabr 2020-ci il tarixində Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan Respublikası ilə razılaşdırılmış humanitar məqsədlərlə atəşkəs imzalanandan sonra Ermənistan Respublikası nəinki buna əməl etməmiş, əksinə onu ciddi şəkildə pozaraq öz ərazisindən Gəncə və digər şəhərlərimizi “SKAD” tipli raket kompleksindən atəşə tutmuşdur. Bilavasitə Gəncəyə atılan ballistik raket nəticəsində 10 mülki şəxs həyatını itirmiş, 34 mülki şəxs isə yaralanmışdır. Onlardan 6-sı uşaq, 16-sı isə qadındır. Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzünün davamlılığını göstərən bu təxribat, beynəlxalq cinayət hesab edilən müharibə cinayətləri olmaqla, Ermənistanın ilk növbədə BMT Nizamnaməsini, Müharibə aparılmasının adət və qaydalarını müəyyən edən Haaqa Konvensiyalarını, Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyalarını və həmin konvensiyalara edilən 1977-ci il tarixli Əlavə Protokolları, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunu, o cümlədən ayrı-ayrı silah növlərindən istifadə ilə bağlı beynəlxalq müqavilələrlə müəyyən edilmiş hüquq normalarını, həmçinin mülki əhalinin hərbi əməliyyatların təhlükəsindən müdafiə edilməsi ilə bağlı ümumi hüquq prinsipini kobud şəkildə pozur. Quru müharibəsinin qanun və adətləri haqqında 1907-ci il Haaqa Konvensiyasına Əlavənin 25-ci maddəsinə əsasən, müdafiə olunmayan şəhərin, kəndin, yaşayış yerinin və ya tikilinin hücuma məruz qalması və ya bombalanması birmənalı olaraq qadağandır. 1949-cu il Cenevrə Konvensiyalarına əlavə olunan Beynəlxalq silahlı münaqişə qurbanlarının himayəsinə həsr edilən 1977-ci il Protokolunun (I Protokol) 51-ci maddəsinə müvafiq olaraq, mülki əhali hücum obyekti ola bilməz. 85-ci maddəyə müvafiq olaraq, mülki əhalini hücum obyektinə çevirmək, mülki şəxslər arasında hədsiz təlafata, yaralanmaya və ya mülki obyektlərə ziyan dəyməsinə səbəb olcağını bilə-bilə mülki əhaliyə və ya mülki obyektlərə toxunan hücumlar etmək ciddi beynəlxalq hüquq pozuntusu sayılır. Statutun 8-ci maddəsinə əsasən, qəsdən mülki əhaliyə, yaxud bilavasitə hərbi əməliyyatlarda iştirak etməyən ayrı-ayrı şəxslərə hücum etmək (b.i), qəsdən mülki obyektlərə hücum etmək (b.ii), müdafiəsiz və hərbi məqsədlər daşımayan şəhər, kənd, yaşayış yerləri və binalara hücum etmək və ya onları hər vasitələrlə atəşə tutmaq (b.v) müharibə cinayətləridir və cəzalandırılmalıdır.
Bütövlükdə, Ermənistanın bu addımı Müharibə dövründə mülki əhalinin müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyasının və bu cür silahların mülki əhaliyə qarşı istifadəsini qadağan edən beynəlxalq sazişlərin müddəalarına ziddir və günahkar şəxslərin məsuliyyətə cəlb edilməsinə əsas verir.
Hesab edirik ki, Ermənistan Respublikasını bu cür silahlarla təchiz edənlər də həmin silahların qanunsuz istifadəsinə görə məsuliyyəti bölüşməlidirlər. Təəssüflər olsun ki, bu gün də qeyd olunan silahların təchizatı dayandırılmamışdır, əksinə daha iri həcmdə davam etməkdədir. Təəssüf doğuran digər bir məsələ, bu təchizatın mülki aviasiya vasitəsilə həyata keçirilməsidir. Hansı ki, mülki aviasiyanın bu məqsədlə istifadə edilməsi, “Beynəlxalq mülki aviasiya haqqında” 1944-cü il Konvensiyasına birbaşa ziddir. Konvensiyanın 4-cü maddəsinə müvafiq olaraq, mülki aviasiyanın Konvensiyanın məqsədlərinə uyğun olmayan hər hansı məqsədlə istifadə olunması yolverilməzdir. Hesab edirik ki, universal və regional kollektiv təhlükəsizliyin üzvü olan, ən azından sülhməramlı missiyanı üzərinə götürən dövlətlər, bu addımların qarşısının alınmasına öz töhvələrini verməli və regionda yaranmış gərginliyin aradan qaldırılmasına nail olmalıdırlar. Eyni zamanda, beynəlxalq cəmiyyət Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməklə öz qanunsuz əməllərindən əl çəkməyə ciddi təsir göstərməli və Cənubi Qafqazda sülhün bərqərar olmasına dəstək verməlidir.
BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Azərbaycanın özünümüdafiə hüququnun mövcudluğuna baxmayaraq, dövlətimiz beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına sadiqliyini bir daha göstərir. Ermənistan isə ikili standartlarla pərdələnərək özünün işğalçılıq və hələ də davam edən beynəlxalq cinayətlər törətmək siyasətindən əl çəkmir. Azərbaycan beynəlxalq hüquq normalarına hörmətlə yanaşdığı kimi, beynəlxalq cinayətlər törətmiş Ermənistanın və aidiyyəti şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün beynəlxalq hüququn tamhüquqlu subyekti olaraq beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş subyektiv imkanlara və onların lazımınca realizəsini tələb etmək hüququna malikdir. Ümidvarıq ki, tezliklə beynəlxalq hüquq ikili standartlardan azad olunmaqla cəzasızlıq mühiti də aradan qalxacaq və beynəlxalq-hüquqi məsuliyyət normaları tam gücü ilə fəaliyyət göstərəcəkdir.

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin