“Türkiyə olan yerdə heç kəs…” – Partiya sədri

0
Noyabrın 7-də Rusiya və Türkiyə prezidentləri Qarabağdakı vəziyyəti müzakirə ediblər. Tərəflər bölgədəki münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün əməkdaşlığa qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasındakı danışıqlardan sonra hər iki ölkənin Xarici İşlər nazirləri də telefon danışıqları aparıblar. Türkiyə mediasının diplomatik mənbəyə istinadən yaydığı xəbərə görə, Ərdoğan Putinlə telefon danışığı zamanı Qarabağ probleminin həlli ilə bağlı İşçi Qrupunun yaradılmasını təklif edib. Rusiya prezidenti bu təklifi alqışlayıb. İddia edilir ki, yaxın günlərdə Qarabağ məsələsi ilə bağlı danışıqlar ATƏT-in Minsk Qrupunun işindən kənar həyata keçiriləcək ikitərəfli formata çevrilə bilər. Yeni İşçi Qrupu atəşkəsdən sonrakı müddətdə tədbirlər və siyasi tənzimlənmə prosesinin aparılması üzərində işləyəcək.
Siyasi.az xəbər verir ki, Yeni İşçi Qrupun yaradılması, onun effektiv olub-olmaması ilə bağlı fikirlərini Yenisabah.az-a bölüşən Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə belə bir razılaşmanı mümkün hesab etdiyini bildirib:
“Rusiya Ermənistanın hərbi müttəfiqidir və Ermənistanda Rusiyanın ən böyük xarici hərbi bazası yerləşir. Azərbaycanın da qardaşı, rəsmən hərbi müttəfiqi Türkiyədir. Ona görə də bu iki ölkə sülh yaratmaq istiqamətində əməkdaşlıq edirsə, birgə işlər görürsə, mən buna müsbət baxıram. Bu, Azərbaycanın tezliklə sülh əldə etmək istəyinə uyğundur. Bizə sülh, Ermənistanın işğalçı qoşunlarını tezliklə ərazimizdən çıxarmağı lazımdır. Məhz buna görə təşəbbüsü normal hesab edirəm. Ümumiyyətlə, səmimi olan istənilən sülh təşəbbüsünə normal qiymətləndirirəm. Türkiyə olan yerdə heç kəs Azərbaycanın maraqlarına xələl gətirə bilməz”.
Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin