Qənirə Paşayeva qəhrəman şəhidimiz Pərviz Məmmədovdan yazdı – FOTO

0

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Pərviz Məmmədovdan yazdı.

BAYRAĞI UCA DAĞLAROĞLU
Pərviz Ələddin oğlu Məmmədov –
Həmişə öncəbhələrdə xidmət etmiş şanlı Azərbaycan zabiti!
Azərbaycan Böyük Vətən Müharibəsinin qəhrəman şəhidi!
Pərviz 1989-cu ildə Tovuzun Çesməli elinin Məşədivəlilər kəndində doğulub. Orta təhsilini paytaxt Bakının Qaradağ rayonundakı Lökbatan qəsəbə 288 saylı orta məktəbində alıb (1995 – 2006). Orta təhsilini başa vurdğu il, Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. 2010-cu ildə Ali Hərbi Məktəbi bitirərək leytenant rütbəsi alıb.
Gənc zabit həqiqi hərbi xidmətə öncəbhədən – Murovdağ zirvəsindən başlayıb. Dağlaroğlunun dağlar başındakı xidməti diqqətəlayiq olub, nümunəvi xidmət görə, 24 iyun 2013-cü ildə Azərbaycan Prezidenti adından, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif edilib. Yubiley medalı ilə təltif olunduğu il, baş leytenant hərbi rütbəsi də alan Pərviz, öz peşəkar hərbi xidmətini bölük komandiri olaraq davam etdirib.
Gənc zabit sonrakı illərdə Tovuz rayonunun öncəbhədə yerləşən Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində xidmət edib. 2017-ci ildə kapitan hərbi rütbəsi alaraq, Qazax rayonunun öncəbhədə yerləşən bir neçə kəndində xidmət edib.
26 iyul 2018-ci ildə Azərbaycan Prezidenti adından ikinci dəfə təltif olunan Pərviz, bu dəfə, “Azərbaycan Ordusu– 100 (1918-2018)” yubiley medalına layiq görülüb.
2019-cu ildə Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissənin öncəbhəsində xidmətini davam etdirən kapitan Pərviz Məmmədov yenə öz nümunəvi davranışı, zabit şərəf və məsuliyyətinə uyğun qüsursuz xidməti ilə seçilib. Xidmət etdiyi illərdə yuxarı komandanlıq tərəfindən “Təşəkkürnamə”lər alıb.
27 sentyabr 2020-ci ildə Azərbaycan Böyük Vətən Müharibəsi başlayınca, Pərviz də könüllü olaraq, əks-hucum əməliyyatlarına qoşulub. Döyüş yoldaşları və komandirləri onun, Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, şəhid olduğunu deyir.
Kapitan Məmmədovun – bu, fədakar Vətən oğlunun Qarabağ üçün, Zəfər üçün döyünən ürəyi, əsgərləri üçün yanar ürəyi… son dəfə 30 sentyabr 2020-ci ildə vurub… – O, böyük əzm və iradə ilə atıldığı Vətən Müharibəsinin ilk üçüncü günündə Şəhidlik zirvəsinə ucalıb.
Şəhid kapitanımız evliydi, bir övladı yadigar qalıb. O yadigar körpənin atasının adına layiq övlad kimi böyüyəcəyinə inanırırq. İnanırıq ki, şəhid zabitimizin övladı həmişə xalqın sevgisi, dövlətin qayğısı ilə əhatə olunacaq. Onun üçün ən böyük adı isə atası qazanıb: Şəhid Övladı!
Əziz Şəhidimiz Pərviz Məmmədov!
Dəyərli Vətən oğlu!
Bizi eşitdiyinə inanıram – çünki şəhidlərin ölümsüzlüyünə, ruhun əbədiliyinə inanıram və sənə səslənirəm: Mənsub olduğun Ordu döyüşlərdə zəfər qazandı! Sağ qalan hər döyüşçü siz şəhidlərin də əvəzinə döyüşdü, sizin arzuları irəli apardı, sizin öpdüyünüz bayrağı Şuşada dalğalandırdı!
Sən həmişə öncəbhələrdə xidmət etmisən; adında həmişə önsırada çəkiləcək! Heç vaxt unudulmayacaqsan!
“Şəhidimin son örtüsü” olan müqəddəs bayrağımız Qarabağ göylərində, şəhidlərin məzarı başında da əbədi dalağalanacaq!
Bayrağımız uca olsun!

 

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin