FRANSANIN TÜRK VƏ İSLAM DÜNYASINA NİFRƏTİNİN KÖKÜNDƏ NƏ DAYANIR?

0

Fransa Türk-müsəlman dünyasına qarşı kin və nifrət qusmaqda davam edir.

Fransa Senatının son qərarına Fransa dövlətninin son illərdəki İslam dininə, Türkiyəyə, Türk dünyasına, ümumiyyətlə Şərqə və xüsusilə son vaxtlar Yaxın Şərqdəki müsəlman dövlətlərinə münasibəti kontekstində baxsaq, Fransanın bu hərəkətləri üzərində bir qədər dərindən düşünmək ehtiyacı ortaya çıxır.

Birincisi, xatırladaq ki, Fransa eramızın əvvəllərində Roma imperiyasının varlığına son qoyub, Qərbi Avropanı istila edən barbar krallıqların varisidir və dünən olduğu kimi, bu gün də sələflərinin barbarlıq psixologiyasını vaxtaşırı büruzə verib və verməkdədir.

Bundan başqa, Fransa həmin Fransadır ki, eramızın XI yüzilində müsəlman Şərqi üzərinə başladılan Səlib yürüşlərinin təşəbbüsçüsü olmuşdur. Belə ki, fransızlar Yaxın Şərqdəki mühüm strateji məntəqələri və çoxlu qənimətlər ələ keçirmək məqsədilə heç vaxt görmədikləri “Müqəddəs Torpağa” yürüş etmək, “İsanın qəbrini xilas etmək” bəhanəsi ilə 1096-cı ildə Fransanın Amyen şəhərindən olan keşiş Pyerin və cəngavər Valterin rəhbərlik etdiyi 20.000 nəfərlik qoşun ilə Yaxın Şərqə üz tutdular. Həmin vaxt Türkiyənin İzmir şəhəri yaxınlığında Səlcuqlar tərəfindən darmadağın edildikdən az sonra 1096-cı ilin oktyabrında 110 minlik qoşunla Birinci Səlib (Xaçlı) yürüşünə çıxdılar və Yaxın Şərqdə kütləvi insan qırğınına səbəb olaraq xeyli əraziləri işğal edib, bölgənin sərvətlərini sümürməyə başladılar. Az sonra Qüdsü də işğal edərək dinc əhalini kütləvi şəkildə qətlə yetirdilər, bu ərazidə özlərinin krallığını, knyazlığını və qraflıqlarını yaratdılar.

1147-ci ildə başlayan İkinci Səlib yürüşündə də Fransa kralı VII Lüdoviqin timsalında fransızlar aparıcı rol oynadılar. 1187-ci ildə Azərbaycan mənşəli böyük türk hökmdarı Səlahəddin Əyyubi Qüdsü xaçlılardan azad etdikdən sonra Qərbi Avropa Yaxın Şərq üzərinə Üçüncü səlib yürüşünə başladı və bu yürüşdə də Fransa kral II Filip Avqustun şəxsində öz şərəfsiz rolunu oynadı.

1249-cu ildə xaçlıların növbəti Səlib yürüşünə isə kral IX Lüdoviqin timsalında yenə də Fransa başçılıq edirdi, əsgərlərin demək olar ki, hamısı fransız idi. Həmin yürüşdə IX Lüdoviq biabırcasına məğlub olub, əsir düşüb, ağır girov müqabilində əsirlikdən qurtarsa da, 1270-ci ildə qüvvə toplayaraq yenidən Səlib yürüşünə çıxdı.
Budur Fransanın müsəlmanlara və türklərə patoloji nifrətinin minillərdən keçib gələn kökləri.

Budur fransızlarla ermənilərin müsəlmanlara və türklərə münasibətdə oxşar cəhətləri.

Budur Fransanın Qarabağ münaqişəsi ilə bağlı illərdən bəri sərgilədiyi ermənipərəst və antimüsəlman, antiazərbaycan münasibətinin tarixi səbəbləri.

Fransa min il əvvəlki həmin Fransanın, fransızlar da min il əvvəlki həmin fransızların varisləridir. Zərrə qədər dəyişməyiblər.

Buna görə də Fransanın bundan sonrakı şirin dillərinə inanıb, onu bölgə ilə bağlı proseslərə qətiyyən yaxın buraxmaq olmaz. Fransa şirkətləri işğalçı dövlətə illərlə kömək elədi, Fransa prezideni Makron Ermənistanı açıq şəkildə müdafiə etdi, Fransanın onlarla mədəniyyət xadimi Ermənistanın müdafiəsinə qalxdı, Fransa Senatı Azərbaycanı şərəfsizcəsinə təhqir etdi, hələ də utanmaz-utanmaz deyirlər ki, bunlar Fransa dövlətinin mövqeyi deyil. Onda, görəsən, bəs kimin mövqeyi Fransa dövlətinin mövqeyidir?

Atalar gözəl deyib: qarı düşmən dost olmaz!

Əziz Ələkbərli

Milli Məclisin deputatı

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin