Moskva görüşü Azərbaycanla yanaşı region ölkələrinin də iqtisadi inkişafına təsir edəcək

0

30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən artıq 2 ay ötsə də ərazilərimizin azad edilməsi sevinci xalqımızın üzündə, davranışında sezilməkdə davam edir. 30 il müddətindəki adət etdiyimiz narahatlıq, həsrət və torpaqlarımıza qayıtmaq arzusu xalqımızda qürur hissləri ilə əvəz olunub.

Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi arxada qaldı. Təəssüflər olsun ki, 30 il müddətində erməni vandalları işğal etdikləri torpaqlarımızda yalnız dağıntılar törətmiş, tarixi, dini abidələrimizlə yanaşı ekologiya və təbii sərvətlərimizə qarşı yırtıcı, ziyanverici mövqe tutmuşlar.

Bunu “Yeni Gündəm”-ə açıqlamasında millət vəkili Anar Məmmədov deyib.

Azərbaycan Prezidenti İlham Əliyev xalqımıza qarşı törədilən bu vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, qısa zaman ərzində bu bölgələrin dünyanın ən abad, müasir, inkişaf etmiş regionuna çevrilməsi barədə də mesajını verdi. Məhz bunun yenidən baş verməməsi və üzərinə götürdüyü öhdəliklərə erməni tərəfinin əməl etməsi üçün yanvar ayının 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi zəruriyyəti yarandı.

Artıq bəlli olduğu kimi, Moskva görüşü Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur. Hər zaman xalqın və dövlətin maraqlarını ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi hər şeydən üstün tutaraq Azərbaycanın iqtisadi, siyasi cəhətdən dünyanın ən öndə gedən ölkəsinə çevirməklə yanaşı, Ali Baş Komandan kimi, dünyada baş verən prosesləri düzgün qiymətləndirən siyasətçi kimi xalqımıza Zəfər Qələbəsi bəxş edən Azərbaycan Prezidenti İlham Əliyev görüşdən sonra verdiyi bəyanatda bu bəyanatın məqsədinin bölgədə sülhün, iqtisadiyyatın inkişafına yönəldiyini qeyd etdi: “Kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir”.  Çünki 30 ildən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Həmçinin Azərbaycan Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcək, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları da birləşəcək. Kommunikasiya xətlərinin açılışı isə ilk növbədə Azərbaycanla yanaşı region ölkələrinin də iqtisadi inkişafına təsir edəcək. Ümumiyyətlə, üçtərəfli Bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan prioritetlərin müəyyən edilməsini nəzərdə tutur.  Ən önəmlisi isə 10 noyabr bəyanatında olduğu kimi Moskva bəyanatında da Ermənistanın heç bir tələbi nəzərə alınmadı.

Eyni zamanda Moskva görüşü zamanı, eləcə də imzalanmış bəyanatda bircə dəfə də olsun “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlədilmədi. Bu da o deməkdir ki, artıq bu ifadə keçmişdir, tarixdir. Rusiya kimi Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan Prezidentinin qətiyyətli addımları və siyasi cəhətdən savadlı, düzgün faktlarla diplomatik uğurları bir daha münaqişənin həllində Minsk qrupunun, xüsusilə erməni lobbisinin təsiri altında Fransa hökumətinin fəaliyyətinin yarıtmaz olduğunu və onların siyasi arenada məğlubiyyətlərini sübut etdi. Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada,danışıqlar prosesində davam etdirir. Paşinyan administrasiyası kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa can atır, bunun əvəzinə 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabartmaq istədiyi halda Moskva görüşünü Ermənistan üçün növbəti fiasko saymaq olar.  11 yanvar görüşündə imzalanan bəyanat bölgədə sülhün möhkəmlənməsinə təsir etməklə yanaşı Azərbaycanın siyasi müstəvidə uğurunun və düşmən üzərində qələbəsinin davamıdır.

 

 

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin