Arzu Bağırova: Azərbaycan regionun lider və qalib ölkəsi kimi öz yeni gələcəyini inşa edir

0
Bu il Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) yaranmasının 3-cü ili tamam oldu. Əvvəlki iki il ərzində görülmüş işlərlə bağlı RHİMİB-in açıqlamaları dövri mətbuatda, İctimai Birliyin nəşrində öz yerini tapıb. Keçən il QHT fəaliyyəti üçün özünəməxsus çətinliklərlə dolu, çox  məsuliyyətli bir il oldu.
Bir tərəfdən qlobal pandemiyadan irəli gələn məhdudiyyətlər, digər tərəfdən 12-16 iyul Tovuz döyüşləri, 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi və sonrasında yaşananlar 2020-ci ili öncəki illərdən kəskin şəkildə fərqləndirdi. Hesab edirəm ki, RHİMİB bütün bu müddət ərzində öz mənəvi məsuliyyətini müstəvi üzərində maddiləşdirən bir vətəndaş cəmiyyəti institutu olaraq özünü təsdiq edə bildi. Bu, çox qürurverici haldır.»
Siyasi.az bildirir ki, bu fikirləri İkisahil.TV-yə müsahibəsində Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova bildirib.
A.Bağırova qeyd edib ki, Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi Qələbə qazanan Azərbaycan, həm öz ərazi bütövlüyünün, həm də tarixi ədalətin bərpasına müvəffəq oldu. Beləliklə, Azərbaycan yeni reallıq formalaşdırmaqla özünə mühüm strateji perspektiv təmin etdi. Hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi öz yeni gələcəyini inşa edir. İşğaldan azad edilən ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı var. Həmin torpaqlar kənd təsərrüfatının inkişafı baxımından vacib ərazilər hesab olunur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar,  məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyədək artacağı proqnozlaşdırılır. Nəzərə alaq ki, bu rayonlar növbəti mərhələdə Azərbaycan iqtisadiyyatına, xüsusən də ölkənin ərzaq təminatına və ərzaq təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə verəcək. Artıq bərpa işlərinə də start verilib. Quruculuq işləri başlayıb, infrastruktur layihələri həyata keçirilir. Ziyanın hesablanması aparılır, şəhərlərin baş planları hazırlanır. Öz növbəsində Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi də xidmətləri ilə kiçicik də olsa bu prosesə töhfəsini verməyə çalışır. Birliyimiz yaranmasının 3-cü ildönümünü bir qrup şəhid ailəsi ilə birlikdə qeyd edib. Şükürlər olsun ki, düşmən üzərində tarixi zəfər qazanmışıq, şəhidlərimizin qanı yerdə qalmayıb. Bundan sonra biz vətəndaş cəmiyyəti təmsilçiləri də öz mənəvi məsuliyyətimizi hiss edərək şəhidlərimizin ruhunun şad olması, tarixi Zəfərimizin daha da möhkəmlənməsi, necə deyərlər, azadlıqdan abadlığa, vəhşi düşmənin işğal dağıntılarından dinc quruculuğa keçidə töhfələr vermək üçün əlimizdən gələni edəcəyik. Heç vaxt unutmayacağımız şəhidlərimiz kimi,  bu Vətən üçün bədənlərinin müxtəlif hissələrini itirmiş qazilərimizdə var. Onlar da bu Vətənin hər bir qarış torpağı üçün sinələrini döyüş meydanında sipər edərək, qazilik kimi ali mərtəbəyə ucaldılar. Onlar bu xalq, bu Vətən üçün canlı tarixdilər. Mənim üçün ən önəmli amil insanlığa və insanlara faydalı olmaqdır. Çox şadam ki, rəhbərlik etdiyim təşkilatın fəallarının da xidmətləri var. Biz, Milli Məclisin komitə sədri Qənirə Paşayeva ilə birlikdə və mütəmadi olaraq respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların ailələrini, həmçinin müharibə əlil və veteranlarını ziyarət edirik. Biz müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik.
Arzu Bağırova əlavə edib ki, sevindirici haldır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz COVID-19-la mübarizəyə dünya miqyasında mühüm töhfələr verib və bu proses bu gün də davam edir. COVID-19-la mübarizəyə həsr olunmuş bütün beynəlxalq toplantılarda Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, bizim üçün insanların sağlamlığı hər şeydən üstündür. Biz nəinki öz ölkəmizin vətəndaşlarının, həm də dünyada imkansız və koronavirusla bağlı ciddi çətinliklərlə qarşılaşmış digər ölkələrin vətəndaşlarının sağlamlıqlarını da düşündük. Azərbaycanın bu istiqamətdə atdığı bütün addımlar da məhz bu prinsiplərə əsaslanıb.  Çox təəssüf ki, COVAX üzərinə düşən öhdəlikləri yerinə yetirmədi və vəd olunan vaxtda Azərbaycanı vaksinlə təmin etmədi. Buna baxmayaraq Azərbaycan vətəndaşlarını vaksinlə təmin edən ilk ölkələrdən biridir.

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin