“Erməni xalqı artıq bununla barışır, bilirlər ki, İlham Əliyev verdiyi vədi mütləq gerçəkləşdirir” – Anar Məmmədov

0
27 sentyabr 2020-ci il Azərbaycan, region üçün yeni tarixə çevrildi. Müharibədən öncə Azərbaycan Prezidentinin dəfələrlə Ermənistana etdiyi xəbərdarlıqlara əhəmiyyət verməyən işğalçı ölkə, indi İlham Əliyevin hər bir mesajından sonra əl-ayağa düşür. Çünki erməni xalqı artıq bu reallığı görür və bununla barışır. Bilirlər ki, İlham Əliyev dediyi sözün arxasında durur, verdiyi vədi mütləq gerçəkləşdirir.
Aprelin 20-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində həm yerli, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran bir çox məsələlərə aydınlıq gətirərək bir daha fikirlərini kifayət qədər aydın və konkret şəkildə ifadə etdi. İlham Əliyevin Hacıqabuldakı bəyanatı bu gün geniş müzakirə mövzusuna çevrilib. Azərbaycan Prezidentinin fikirlərində Ermənistanın ərazi bütövlüyünə heç bir təhdid əlaməti yoxdur. Lakin Ermənistan XİN eşitdiklərini istədiyi şəkildə yozaraq bir daha öz mənfur niyyətini, erməni xislətini ortaya qoyub.
Bir müddət bundan öncə paytaxt Bakıda Hərbi Qənimətlər Parkının açılışı da Ermənistanda böyük hay-haraya səbəb olmuşdu. Hətta Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Margaryan bununla bağlı Antonio Quterreşə məktub da göndərmişdi. Guya parkda erməni hərbçilərin boş qalmış dəbilqələri və şəxsi əşyaları, maketləri qeyri-insani şəkildə təqdim edilib. Görünür, 44 günlük Vətən müharibəsindəki məğlubiyyəti işğalçı ölkə nümayəndələrinin milli şüurunda radikal dəyişikliyə yol açmaqda çətinlik çəkib.
Hacıqabulda Azərbaycan Televiziyasına müsahibəsində Qarabağda aparılan ümumi abadlıq-quruculuq işlərindən söz açan İlham Əliyev əsas kimi yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər getdiyini söylədi. Beləliklə, bəlli oldu ki, azad edilmiş ərazilərin elektrik təchizatı istiqamətində işlər böyük intensivliklə həyata keçirilir. Xətlər çəkilir, yeni yarımstansiyalar tikilir. Artıq Şuşa şəhəri elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa olunur. Həmçinin yol infrastrukturunun yaradılması ilə bağlı yaxın günlərdə Füzuli-Şuşa yolu, yəni Zəfər yolundan başqa, Horadiz-Zəngilan avtomobil yolunun da təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlayıb və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Prezident bu yolun Zəngəzur dəhlizinə gəlib çatacağını və artıq cədvəl üzrə işlərin getdiyini də vurğuladı.
Azərbaycan 10 noyabr Bəyanatına əsasən bütün işlərin həyata keçirilməsinə şərait yaratsa da, bir çox məsələlərdə humanistlik göstərsə də, Ermənistan tərəfi bunun əksini nümayiş etdirir. Yəni Ermənistan öz təxribatlarını, cinayət əməllərini davam etdirir. Beynəlxalq qanunlara əsasən, Ermənistan bu xəritələri qarşı tərəfə təqdim etməlidir. Bu gün məhz bu səbəbdən Azərbaycana minalanmış ərazilərin xəritələrinin verilməməsi üçtərəfli bəyanatların həyata keçirilməsində əsas problem kimi qalmaqdadır. İndiki vəziyyətdə bu, yalnız razılaşmaların kobud şəkildə pozulması deyil, həm də çox cinayətkar bir hərəkətdir, çünki bu xəritələrin verilməməsi indi evlərinə qayıtmağa can atan çox sayda mülki şəxsin, eləcə də hərbçilərin ölümünə səbəb olur.  Bütün bunlar bir daha Ermənistanın faşist ideologiyasına xidmət etdiyini təsdiqləyir və bu əməllərinə görə Ermənistan hökuməti beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir.
Müharibəyə qədər istədiyi oyunlardan çıxan, həmsədr dövlətlərin, beynəlxalq təşkilatların yaratdıqları cəzasızlıq mühitindən lazımınca yararlanan Ermənistan indi çıxılmaz vəziyyətdədir. İndi yeganə çıxış yolu götürdüyü bütün öhdəliyi yerinə yetirmək məcburiyyətidir. Əks təqdirdə, Prezidentin də söylədiyi kimi, nə qədər bunu tez qəbul etsələr, özləri üçün daha xeyirlidir. Etməsələr də, zorla həll edə bilərik.
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin