ABŞ Prezidentinin işlətdiyi “soyqırımı” ifadəsi heç bir tarixi fakta və dəlilə əsaslanmır – Ramin Məmmədov

0

ABŞ Prezidentinin “soyqırımı” ifadəsini işlətməsi heç bir tarixi fakta və dəlilə əsaslanmır. Bu, bölgədə tamamilə müstəqil siyasət yürüdən, qısa müddətdə güclü regional oyunçu kimi özünü təsdiq edən qardaş Türkiyəyə siyasi təzyiq cəhdidir.

Bunu “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
Onun fikrincə, bu cür addımlar Türkiyə kimi böyük tarixə malik bir ölkəni öz yolundan döndərə bilməz.
Ramin Məmmədov bildirib ki, “erməni soyqırımı” oyunu uzun illərdir ABŞ siyasi elitasının əlində Türkiyəyə təzyiq vasitəsinə çevrilib. Artıq rəsmi Vaşinqton bu vasitədən istifadə etdi. Baydenin bu ifadəni işlətməsinin hansısa hüquqi nəticələr doğurması mümkün görünmür. Lakin şübhəsiz ki, ciddi siyasi nəticələri olacaq. Bu nəticələrdən biri isə ABŞ-ın çox güclü və etibarlı tərəfdaşlarından birini itirməsi ola bilər. Türkiyə regionda sülhün və sabitliyin təmin olunmasında son dərəcə əhəmiyyətli rol oynayan vacib dövlətdir. Görünür, ABŞ-ın siyasi elitasında bu reallığı düzgün qiymətləndirə bilməyən dairələr var.
Milli Məclisin deputatı onu da vurğulayıb ki, bu cür açıqlamalar mahiyyət etibarilə regionda əməkdaşlıq mühitinin yaradılmasına da mənfi təsir göstərə bilər. Xüsusilə ona görə ki, son dövrlərdə bu istiqamətdə çox ciddi təşəbbüslərin ortaya atıldığı müşahidə olunurdu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması, Türkiyənin də fəal iştirakı ilə regionda bütün kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası istiqamətində bəzi addımlar atılmağa başlamışdı. Lakin Baydenin açıqlaması Ermənistanda keçmişlə yaşamaq meyillərini gücləndirə, əməkdaşlıq təşəbbüslərinə qarşı müqavimətin artmasına xidmət edə bilər. Ümid edək ki, sağlam düşüncə qalib gələcək.
Ramin Məmmədov qeyd edib ki, Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də Türkiyənin yanındadır. Tarixdə “erməni soyqırımı”nın olduğunu təsdiqləyən heç bir fakta rast gəlinmədiyini bildirən deputat vurğulayıb ki, əksinə, ermənilər özləri dəfələrlə türk xalqlarına qarşı tarixdə analoquna az təsadüf edilən soyqırımlar törədiblər. Məsələn, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş 31 Mart soyqırımı, 1992-ci ildə həyata keçirilən Xocalı soyqırımı. Lakin təəssüf ki, dünyanın bir çox dövlətləri bu dəhşətli faktları görməzdən gəlir. Bu, bir daha sübut edir ki, qondarma “erməni soyqırımı” bəzi dövlətlərin əlində, sadəcə, siyasi maraqlarını həyata keçirmək üçün istifadə etdikləri vasitədir.

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin