Özbəkistanlı professor Azərbaycanla birgə elmi layihələr həyata keçirməkdə maraqlıdır

Azərbaycan və Özbəkistan arasında elmi əməkdaşlığın genişləndirilməsi, bitki biologiyası və dağlıq ərazilərin biomüxtəlifliyinin öyrənilməsi istiqamətində yeni imkanlar yarada bilər.

Siyasi.az  xəbər verir ki, bunu Özbəkistan Elmlər Akademiyasının Genetika və Bitki Eksperimental Biologiyası İnstitutunun professoru Dilfuza Cabbarova III Beynəlxalq “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” Konfransı çərçivəsində müsahibəsində deyib.

İlk dəfə Azərbaycanda olduğunu bildirən professor konfransda iştirakından məmnunluğunu ifadə edib. O, bitki-mikrob qarşılıqlı əlaqələri, bitki böyüməsini stimullaşdıran bakteriyalar, bitki fiziologiyası, biotik və abiotik stresslər, eləcə də bitki xəstəliklərinə qarşı bioloji mübarizə istiqamətində tədqiqatlar apardığını söyləyib.

Dilfuza Cabbarova qeyd edib ki, onun elmi araşdırmalarında dağlıq ərazilərdə inkişaf edən bitkilər, dərman bitkiləri və onlarla əlaqəli mikroorqanizmlər xüsusi yer tutur.

Professor gələcəkdə Qərbi Kaspi Universiteti ilə əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb:

“Ümid edirəm ki, gələcəkdə bu universitetlə əməkdaşlıq edəcəyik. Çünki Özbəkistan və Azərbaycanın birgə layihə çağırışı var”.

O, konfransın təşkilatçılarına dəvətə görə təşəkkür edərək, belə beynəlxalq elmi platformaların tədqiqatçıların təcrübə mübadiləsi və yeni əməkdaşlıqlar qurması üçün mühüm imkan yaratdığını bildirib.

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir