Akademik Zərifə Əliyeva adına Liseyin 11-ci sinif şagirdi Elvin Mahmudlu beynəlxalq səviyyədə mühüm təhsil uğuruna imza atıb. O, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Estoniyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunaraq yüksək nəticə göstərib.
Siyasi.az Sfera.az-a istinadən xəbər verir ki, Elvin Mahmudlu ABŞ-nin “University of Michigan”, Böyük Britaniyanın “The University of Edinburgh”, Estoniyanın “University of Tartu” və Tallinn “University of Technology” kimi yüksək reytinqli ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
O, bu universitetlərdə “Computer Science”, “Computer Science & Mathematics”, “Science & Technology” və “Engineering” ixtisasları üzrə qəbul alıb.
Gənc məzun təhsil aldığı Akademik Zərifə Əliyeva adına Liseyi tam əla qiymətlərlə və fərqlənmə attestatı ilə başa vurub. O, beynəlxalq imtahanlarda da yüksək nəticələr əldə edib. Belə ki, SAT imtahanından 1520, ACT imtahanından 32, IELTS imtahanından isə 8 bal toplayıb.
Bununla yanaşı, Elvin Mahmudlu “AP Calculus BC”, “AP Physics C: Mechanics” və “AP Computer Science A” proqramları üzrə imtahanları uğurla verərək akademik hazırlığını təsdiqləyib.
O, həmçinin Azərbaycanda və xarici ölkələrdə riyaziyyat və informatika üzrə keçirilən çoxsaylı olimpiadaların qalibi olub, müxtəlif təhsil düşərgələrində iştirak edib və bir sıra nüfuzlu qurumlarda təcrübə keçib.
