“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb

Ağcabədi şəhəri C. İbrahimov adına 8 saylı tam orta məktəbin fizika müəllimi Elşən Əbdülov tərəfindən həyata keçirilən “Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb. Layihə çərçivəsində VII–X siniflərdə təhsil alan 40 şagird PhET interaktiv simulyasiyaları əsasında təşkil olunan təcrübəyönümlü tədris proqramına cəlb olunub.

Layihə müddətində şagirdlər fizika fənninin müxtəlif mövzularını ənənəvi öyrənmə üsullarından fərqli olaraq interaktiv mühitdə mənimsəyiblər. Simulyasiyalar vasitəsilə onlar fiziki hadisələri müşahidə edib, fərqli ssenarilər üzərində təcrübələr aparıb və əldə etdikləri nəticələri təhlil ediblər. Bu yanaşma fizika fənninin daha maraqlı və anlaşıqlı şəkildə öyrənilməsinə imkan yaradıb.

Tədris prosesində şagirdlərin elmi-tədqiqat bacarıqlarının formalaşdırılmasına, analitik düşüncələrinin inkişafına və komanda şəklində işləmələrinə xüsusi diqqət yetirilib. Müxtəlif qrup tapşırıqları, təqdimatlar və praktik fəaliyyətlər iştirakçıların öyrəndiklərini tətbiq etmələrinə şərait yaradıb.

Layihənin sonunda keçirilən bağlanış mərasimində proqram çərçivəsində görülən işlər və əldə olunan nəticələr təqdim olunub. Çıxış edənlər layihənin şagirdlərin fizika fənninə marağının artırılmasında və onların praktiki bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayıblar. Tədbirin sonunda layihəni uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim edilib.

“Fizikanın ruhu” layihəsi şagirdlər üçün innovativ və interaktiv öyrənmə mühitinin yaradılmasına, fizika fənninin daha effektiv tədrisinə və müasir təhsil texnologiyalarının tətbiqinə töhfə verən uğurlu təşəbbüslərdən biri olub.

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir