“Bitdi” demək tezdir…” – Deputatdan ABŞ-İran anlaşmasına fərqli REAKSİYA

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bu həftə ilk müsahibi deputat Asim Mollazadədir. Günün əsas hadisəsi ABŞ ilə İran arasında razılaşma əldə edilməsi, Trampın təbriki, 19 iyunda İsveçrədə tərəflərin sülh sazişi imzalayacağı və bundan sonrakı proseslərdən gözləntilərdir. Asim Mollazadə ilə söhbətimizi təqdim edirik:

– Asim müəllim, bu razılaşma regiona dayanıqlı sabitlik gətirəcəkmi, yoxsa risklər hələ də qalır?


– Təbii ki, indidən qəti proqnoz vermək çətindir və bu prosesləri izləmək lazımdır. Baxaq görək tərəflərin bir-birinə səbri nə qədər çatacaq. Bu da əldə olunan razılaşmaların icrasından və məsələlərin gedişindən asılı olacaq. Hazırda əsas mövzu danışıqlardır. Xüsusən də İrandan əsas tələb nüvə proqramını dayandırmasıdır. Amma Tehranda bir sıra qüvvələr hələ də bəyanatlar səsləndirir, uranın zənginləşdirilməsini dayandırmaqdan imtina etdiklərini bildirirlər. Ona görə də proseslərin gedişatını izləmək lazımdır. Məncə, “bitdi” demək tezdir…

– İran rejimi bu hadisələrdən məğlub çıxmadığını bəyan edir və bir eyforiyada olduqları hiss olunur. Sizcə, bundan sonra mövcud sistem daxildə daha da qəddar olmağa başlayacaqmı?

– Əvvəla, bir məsələni xatırlatmaq istərdim – ABŞ heç bir müharibədə istəyinə nail olmayıb. Gəlin Əfqanıstan, Vyetnam və digər hərbi əməliyyatları yada salaq. ABŞ heç birində tam hədəfinə çatmayıb. Bu mənada növbəti uğursuzluq sayıla bilər. İrana gəldikdə, rejimin eyforiyaya qapılması mümkündür. Amma daxildə ciddi iqtisadi problemlər var. Əgər köklü islahatlar baş verməsə, proseslər mənfi istiqamətə gedəcək.

– Azərbaycanın münaqişə dövründə davranışları nəhayət, İranı qane etdimi? Çünki bizə İsraillə bağlı ittihamlar səngimirdi. Sizcə, nankor qonşu olmadığımızı gec də olsa anlaya bildilərmi?

– İlk növbədə deməliyəm ki, regionumuzda atəşkəsin olması müsbət qiymətləndirilməlidir. Çünki qonşuluqda hərbi əməliyyatlar istər-istəməz bizə də mənfi təsir göstərir. Azərbaycan üçün vacib olan regionda sabitlikdir. Bu halda tərəfdaş ölkələrlə ticarət əlaqələri genişlənir, iqtisadi, mədəni münasibətlər daha da inkişaf edir. Yəni sabitlik olanda regional layihələri həyata keçirmək olur. Bu baxımdan müharibənin başa çatması bizim də maraqlarımıza uyğundur. Sualınıza gəldikdə, İran çox gözəl bilir ki, Azərbaycan qonşularına heç vaxt nankorluq etməyib. Sadəcə, Azərbaycana qarşı bu əsassız ittihamların davamlı olaraq səslənməsi İranın bölgədə imperiya istəklərindən irəli gəlir. Bu da alınmadı. Azərbaycan qonşularına münasibətdə səmimi olduğunu, sülhü dəstəklədiyini, qonşusunun çətin günündə, müharibə şəraitində ona humanitar yardım göstərdiyini bir daha sübut etdi.

Emil Salamoğlu
Musavat.com

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir