AzTV Teleradio Akademiyasının tərəfdaş olduğu beynəlxalq konfransda müxtəlif ölkələrdən alimlər və tədqiqatçılar bir araya gəlib.
Bakıda Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə III Beynəlxalq “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” Konfransı keçirilir. 5-6 noyabr tarixlərini əhatə edən beynəlxalq elmi tədbirdə müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar, universitet nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.
Açılış mərasimində çıxış edən Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri Hüseyn Bağırov bildirib ki, konfransın əsas məqsədi dağlıq ərazilərlə bağlı elmi araşdırmaları və beynəlxalq əməkdaşlığı genişləndirmək, müxtəlif ölkələrdən olan tədqiqatçıları vahid platformada bir araya gətirməkdir:
“Türkiyə, Özbəkistan, Tacikistan, Tailand, İndoneziya, Çin, Pakistan, Malta, Malayziya, İtaliya, Gürcüstan və Hindistandan bu konfransda fiziki olaraq iştirak edən tədqiqatçıları və sessiyalarımıza onlayn qoşulacaq bir çox digər qonaqları səmimiyyətlə salamlayıram. Bizə qoşulmaq üçün bəzən uzun yollar qət etdiyinizə görə hər birinizə təşəkkür edirəm. Konfrans müzakirələrimiz zamanı çox maraqlı və vacib çıxışlar gözləyirik. Sizin sayənizdə bütün bunlar baş tutdu. Hər iki ildən bir biz diqqətimizi müəyyən mövzuya yönəldən bir zirvə toplantısı təşkil edirik. Mövzu təkcə dağlar deyil, həm də itirdiyimiz mədəniyyət, dağ əhalisi və yerdəyişmələrdir; bu da müasir dövrdə rifahımızın vacib bir hissəsi deməkdir. Artıq bilirik ki, ikinci konfransdan etibarən bu tədbir ‘Web of Science’ və ‘Scopus’ kimi nüfuzlu elmi platformalara daxil edilmişdir. Ümid edirik ki, hamınızın dəstəyi ilə bunu davam etdirəcəyik. BMT-nin Dağ Tərəfdaşlığı Proqramından olan tərəfdaşımızı xüsusi və səmimi şəkildə salamlayıram”.

Onun sözlərinə görə, tədbirdə 14-15 ölkədən nümayəndələr fiziki, daha çox sayda ölkədən isə iştirakçılar onlayn formatda təmsil olunurlar:
“Üçüncü konfransa 300-dən çox tezis daxil olub. Fəxrlə deyə bilərəm ki, qonaqlarımız arasında dünyada məşhur, öz sahəsində mühüm mövqe tutmuş alimlər, o cümlədən fiziki olaraq burada iştirak edən Stanford Universitetinin strukturuna daxil olan dörd mütəxəssis də var. Onların universitetimizlə uzunmüddətli əməkdaşlığı, professor vəzifələrinə seçilmələri, elmi nəşrlərdə və tədris prosesində fəal iştirak etmələri onların universitetimizin vacib hissəsi olduğunu əminliklə qeyd etməyə imkan verir. Ümid edirəm və arzu edirəm ki, yaxşı müzakirələr, elmi tapıntılar və tövsiyələrlə zəngin tədqiqatların nəticəsində onun elmi əhəmiyyəti daha da artacaqdır.”

Milli Məclisin deputatı Hikmət Məmmədov konfransın əhatə dairəsinin genişliyini vurğulayıb:
“Bu deməkdir ki, qonaqlar təkcə çıxış etməyəcəklər, bu təkcə dağ, şaxta və biomüxtəlifliyi əhatə etmir. Bu ümumiyyətlə mahiyyətdə ekologiyaya aid olan bütün məsələlərin müzakirəsini özündə ehtiva edir. Konfrans proqramı ilə tanış oldum. Çox maraqlı çıxışlar var və inanıram ki, hər birimiz bu konfransdan özümüz üçün yeniliklər götürəcəyik, fəaliyyətimiz üçün maraqlı məqamları orientir kimi qeyd edəcəyik.”

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında elmi potensialın gücləndirilməsinin, təhsilin inkişafının və beynəlxalq elmi əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.
O bildirib ki, təbiətə münasibət yalnız ekoloji məsələ deyil, eyni zamanda mədəniyyət göstəricisidir:
“Şahidi oluruq ki, burada ildə ən azı bir və ya bir neçə dəfə müxtəlif ölkələrdən qonaqların və tanınmış alimlərin iştirakı ilə belə konfranslar keçirilir. Bilirsiniz ki, hər bir ölkənin inkişafı və gücü həm də onun elmi ilə ölçülür. Bu gün biz qalib xalqıq, torpaqlarımızı azad etmişik və qarşımızda duran əsas vəzifələrdən biri elmi potensialı gücləndirmək, Azərbaycan təhsilini irəli aparmaq və ümumilikdə ölkəmizi inkişaf etdirməkdir. Bir müddət əvvəl maraqlı bir yazı oxudum. Orada qeyd olunurdu ki, yaxın vaxtlarda dünya əhalisinin sayı 9 milyard olacaq və ərzağa olan ehtiyac 70% artacaq. Başqa bir yazıda isə 2030-cu ilə qədər ərzağa ehtiyacın 50% artacağı qeyd edilirdi. Hesab edirəm ki, konfrans üçün çox uğurlu mövzu seçilib. Vaxtilə belə bir fikir var idi ki, dünya inkişaf edəcək, insanların sahib olduğu yüksək mədəniyyət sayəsində artıq heç bir problem qalmayacaq. Amma çox təəssüf ki, elm və texnologiya inkişaf etsə də, bu gün dünyamız həm də mənəviyyat və mədəniyyət böhranı yaşayır. Məhz buna görə də bu cür konfranslar qarşıdakı mürəkkəb dövrdə mövcud imkanlarımızı dəyərləndirmək baxımından çox vacibdir. Təbiətlə və nemətlərlə rəftar etmək həm də bir mədəniyyətdir.”
Tədbirdə çıxış edən digər natiqlər də dağlıq ərazilərin davamlı inkişafı, ekoloji tarazlığın qorunması və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələrin vacibliyini vurğulayıblar.
Konfrans çərçivəsində müxtəlif ölkələrdən olan alim və tədqiqatçılarla da söhbət etdik.

Cənubi Asiya Fənlərarası Su Ehtiyatları Tədqiqatları Konsorsiumunun nümayəndəsi, doktor Kabindra Sharma müsahibəsində su ehtiyatlarının idarə olunması məsələsinin həm Cənubi Asiya, həm də Qafqaz regionu üçün ciddi çağırış olduğunu bildirib:
“Hindistan Himalay bölgəsi 200 milyondan çox insanın su mənbəyidir. Lakin illər keçdikcə bu su mənbəyinin 50%-i tükənib. Azərbaycan su ehtiyatlarının 75%-dən çoxu sərhədkeçən sudan asılı olan bir ölkədir. Buna görə də dağlıq bölgələr və Qafqaz dağları arasında idarəetməni qurmaq, bilikləri bölüşmək çox vacibdir”.

Qərbi Kaspi Universitetinin Həyat elmləri departamentinin direktoru Rəşid İqbal isə konfransın beynəlxalq elmi əməkdaşlıq və gənc tədqiqatçıların inkişafı baxımından əhəmiyyətini vurğulayıb:
“Dünyanın hər yerindən elm adamları tədqiqatların görünürlüyü və əməkdaşlıq üçün buradadırlar. Gənc alimlər üçün öyrənmək və iqlim dəyişiklikləri kimi qlobal problemlərin həll yollarını tapmaq baxımından bu, çox məhsuldar platformadır”.

Özbəkistan Elmlər Akademiyasının Genetika və Bitki Eksperimental Biologiyası İnstitutunun professoru Dilfuza Cabbarova da konfransda iştirakından məmnunluğunu ifadə edib:
“Azərbaycana, Bakıya gəldiyim üçün çox xoşbəxtəm. Özbəkistan və Azərbaycanın birgə layihə çağırışı var. Dağlıq ərazilərdə inkişaf edən fitobakteriyaları və dərman bitkilərini təcrid etmişik. Ümid edirəm ki, gələcəkdə də bu universitetlə əməkdaşlığımız uğurla davam edəcək”.
Qeyd edək ki, iki gün davam edən konfrans iqlim dəyişiklikləri, ekologiya və ətraf mühit, kənd təsərrüfatı və biomüxtəliflik, turizm və regional iqtisadi inkişaf, sağlamlıq və biokimya, eləcə də dağ mədəniyyətləri olmaqla beş əsas istiqaməti əhatə edir.
Tədbirin ilk günündə plenar iclasla yanaşı, müxtəlif elmi sessiyalar keçirilib, iştirakçılar tədqiqatlarının nəticələrini təqdim edərək aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Konfransın işi noyabrın 6-da elmi sessiyalarla davam edəcək. Proqramın sonunda bağlanış mərasimi və iştirakçılar üçün mədəni-tarixi məkanlara səfərlər nəzərdə tutulub.













