“Kəpəz”ə “günahı olmayan daş atsın”

Son günlər yenə ölkə mediasının gündəmində olan “Kəpəz” barədə müxtəlif yazılar yazılır, fikirlər səsləndirilir. Mövzu tələbkar azarkeşi və titulları ilə hazırki çıxışı arasında uyğunsuzluq olan “Kəpəz”dirsə, mətbuatın klubu daim diqqətdə saxlaması təbiidir. Bu, jurnalistikanın təbiətində olan prosesdir – səslənən iddialar müzakirə edilir, ictimailəşdirilir.Lakin diqqət çəkən məqamlardan biri mediadan kənar bir şəxsin də klubla bağlı məsələlərə sərt münasibət bildirməsi oldu. Söhbət millət vəkili Müşfiq Cəfərovdan gedir. O, sosial şəbəkə hesabında Gəncə təmsilçisinin indiki rəhbərliyini kəskin tənqid edib. Millət vəkili paylaşımında yeni rəhbərliyin idarəçiliyinə şübhə ilə yanaşdığını açıq şəkildə ifadə edib. “Kəpəz”i ən çox tənqid edənlərdən biri biz olmuşuq. İradlarımızın bir çoxunda da haqlıyıq. Ancaq nəzərə alsaq ki, “Kəpəz”in əvvəlki dövründə Cəfərov İdarə Heyətində təmsil olunub, müəyyən suallar yaranır. Bu yerdə “günahı olmayan daş atsın” deyimi yerinə düşür. Axı cənab Cəfərovun toxunduğu problemlər ötən il daha qabarıq şəkildə öz əksini tapırdı. Sabiq funksionerin dövründə idarəçilik daha yaxşı idisə, niyə bu problemlər əvvəlki illərdə öz həllini tapmırdı?Ötən mövsümə qədər klubda çalışmış bəzi şəxslər də məhz millət vəkilinin vasitəsi ilə vəzifəyə gətirilmişdilər. Biri elə Cabir İbrahimov. Uzun illər əvvəl çalışmış İbrahimovun icraçı direktor və Akademiya direktoru vəzifələrinə irəli çəkilməsi Müşfiq müəllimin dövrünə təsadüf edir. Görünür ki, sabiq funksioner onu klubdan, proseslərdən uzaq salan indiki rəhbərliyə acıqlıdır və iradlarını emosiyalara qapılaraq səsləndirir. Məsələ həm də yalnız bir klub ətrafında polemika deyil. Söhbət Gəncədə idman idarəçiliyi, xüsusilə futbol sahəsində yanaşmalardan gedir. Nəzərə alsaq ki, Cəfərovun klubun dirçəlməsinə dəstək üçün “əli uzundur”, imkanları genişdir, gerçək “Kəpəz”li kimi davranmaqla daha çox rəğbət qazanar, nəinki indi haqlı-haqsız iradlar səsləndirmək. Bu, kənardan elə də yaxşı görünmür, cənab Cəfərov.

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir