Musavat.com-un “Üç sual, üç cavab” layihəsində gündəmdə olan mövzularla bağlı sualları deputat Asim Mollazadə cavablandırıb.Müsahibəni təqdim edirik:- Asim müəllim, azərbaycanı ekspertlərin İrəvana səfəri təxirə salındı. Səbəb nə ilə bağlıdır?- Erməni tərəfinin təxribatları görüşün keçirilməsinə mane oldu. Son günlər Ermənistandakı bəzi qüvvələr saxta təbliğat kampaniyası aparırlar. Guya Qarabağda onların “mədəni irsi” məhv edilib. Bu oyunu həyat keçirən qüvvələrin məqsədi sülh prosesini dayandırmaq, Azərbaycanla Ermənistan arasında başlanan əməkdaşlığın qarşısını almaqdır. Hətta iqtidarda olan bəzi qüvvələrin də bu prosesdə iştirakını istisna etmirəm. Ona görə Azərbaycan zəruri reaksiya verdi və düzgün addım atdı. Bu qərar Ermənistan hakimiyyətini vadar etməlidir ki, sülh yönündə atılan addımlarla bağlı siyasətinə yenidən baxsın, bu yanlışlıqlara düzəliş etsin. Amma yaranmış gərginliyin davamını gözləmirəm. Erməni tərəfi reallıqları yaxşı dərk edir.- Ancaq təkcə Qarabağdakı abidələr mövzusu deyil, sinxron şəkildə həbsdəki ermənilərin mövzusunu da gündəmə gətirirlər. Yeri gəlmişkən, Ermənistanın xarici kəşfiyyat şefi Bakıda oldu. Sizcə, bu məsələlər onunla konfidensial şəkildə müzakirə olunubmu?- Azərbaycana qarşı hər iki kampaniyanın arxasında erməni diasporu durur. Onlar çox aqressivdir və normal münasibətlərin əleyhinədir. Ümumiyyətlə, bu güclər türk nifrəti, saxta genosid hissləri ilə yaşayırlar. Ona görə praqmatik düşünə bilmirlər. Nəticədə Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərər vurmaq istəyirlər. Çünki bu hiss onların maliyyə mənbəyidir. O baxımdan, onların Qarabağda saxta erməni tarixi və həbsdəki cinayətkarlarla bağlı Azərbaycana, eləcə də Türkiyəyə qarşı təbliğat siyasətinin hələ bir müddət şahidi olacağıq. O ki qaldı ermənilərin xarici kəşfiyyat xidməti rəhbərinin ölkəmizə səfərinə, Azərbaycanın strategiyası bölgədə sabitliyin təmin olunmasıdır. Çünki bizə sülh lazımdır. Regionda davamlı təhlükəsizliyin olması üçün hamının əməkdaşlığını təmin etməliyik. Bizim digər planlarımız yoxdur. Azərbaycan təhlükəsizlik məsələlərinə ciddi yanaşır. Ancaq regionda təhlükəli qüvvələr var. Bu qüvvələr təhlükəli oyunları hələ də davam etdirir.- Asim müəllim, bu həftənin gündəmində prezidentin imzaladığı əfv sərəncamı ilə Fransa vətəndaşının azadlığa çıxması da var. Bu, Bakı ilə Paris arasında münasibətlərdə nəyisə dəyişəcəkmi?- Fransa hakimiyyəti erməni diasporunun təsiri altındadır və bizə qarşı aqressiv siyasət yürüdür. Fransa anlamalıdır ki, bu siyasətdən itkiləri çoxdur. Yəni Azərbaycanla münasibətləri normallaşdırmaq daha çox fayda verir. Son qərarı da Fransa alqışladı. Ona görə Paris bizimlə əlaqələri yenidən nəzərdən keçirməlidir.

