BP və TLM Azərbaycanda xalça sənətinə dair 3 kitabın təqdimatını etdi – FOTOLAR

Azərbaycan Milli Xalça Muzeyində BP şirkətinin dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzinin (TLM) layihəsi əsasında hazırlanmış Azərbaycan xalça sənətinə dair üç kitabdan ibarət nəşrlər toplusunun təqdimat mərasimi keçirilib. Təqdimat Bakı şəhərində keçirilən “Beynəlxalq Xalça Festivalı 2026” ilə eyni vaxta təsadüf edib.

Nəşrlərdə tanınmış sənətşünas Kübra Əliyevanın Azərbaycan xalçaçılıq sənətinin inkişafına həsr olunmuş fundamental tədqiqatları təqdim olunur. Layihə çərçivəsində nəşr edilən kitablar Azərbaycan xalçaçılıq məktəblərinin müxtəlif istiqamətlərini əhatə edərək onların tarixini, texniki xüsusiyyətlərini və bədii dəyərlərini geniş şəkildə təhlil edir. Nəşrlər toplusu xalçaçılıq sənətinin müxtəlif istiqamətlərini vahid elmi yanaşma əsasında bir araya gətirərək mövcud biliklərin sistemləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Təqdimat mərasimində Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova, BP-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, layihənin müəllifi, sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar incəsənət xadimi Kübra Əliyeva, eləcə də layihənin rəhbəri, Təşəbbüslər və Layihələr Mərkəzinin direktoru Ceyhun Osmanlı çıxış ediblər.

Çıxışlarda Azərbaycan xalça sənətinin zəngin tarixi, milli-mədəni irsin qorunması və sistemli şəkildə araşdırılmasının əhəmiyyəti, həmçinin bu kimi fundamental nəşrlərin gələcək nəsillər üçün dəyərli elmi mənbə rolunu oynayacağı vurğulanıb. Tədbirin aparıcısı, BP şirkətinin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı isə Azərbaycan xalçaçılıq sənətinin ölkənin mədəni həyatında xüsusi yer tutduğunu və bu irsin qorunmasının vacibliyini qeyd edib.

Tədbirin bədii hissəsində “Muğam” müsabiqəsinin qalibi, xanəndə Nisbət Sədrayeva, tarzən Rüstəm Müslümov və kamança ifaçısı Nurəddin Tağıyevdən ibarət “Zəfər” üçlüyünün ifasında Azərbaycan xalq musiqiləri səsləndirilib.

Nəşrlərə daxil olan kitablar Azərbaycan xalçaçılıq sənətinin müxtəlif istiqamətlərini əhatə edir. “Təbriz xalıları (Orta əsrlər)” kitabında Cənubi Azərbaycanda xalçaçılığın tarixi inkişafı, xüsusilə Təbriz məktəbinin formalaşması və onun Yaxın və Orta Şərq xalça sənətinə təsiri təhlil olunur. “Azərbaycanın xovsuz xalçaları” nəşri isə bu qədim ənənənin yaranmasını, əsas texnikalarını və regional xüsusiyyətlərini araşdırır. “Qarabağ xalçaları” kitabında Qarabağ xalçaçılıq məktəbinin inkişafı, əsas bədii istiqamətləri və Ağdam, Bərdə, Laçın, Şuşa kimi mərkəzlərdə formalaşmış nümunələr təhlil edilir, eyni zamanda süjetli xalça sənətinə dair tədqiqatlar sistemli şəkildə təqdim olunur.

Layihənin ərsəyə gəlməsində elmi redaktorlar Ərtegin Salamzadə və Sevil Sadıxova, məsləhətçi Şamxal Əbilov, koordinatorlar Aliyə Səfərova, İlahə Azməmmədova və Lətafət Əliyeva, buraxılışa məsul şəxslər Sevil İsmayılova və Rafiq Kazımov, dizaynerlər Sufi Səfərli və Elçin Aşurov, redaktorlar Ramin Alılı və Qurban Cəbrayıl, səhifələyici Gülnar Ələkbərova, korrektorlar Arzu Quluzadə, Nəzrin Hüseynova, Jalə Bəgəliyeva və İlahə Rzayeva, texniki redaktor Sevinc Yusifova, baş redaktor Nərgiz Cabbarlı, texniki direktor Allahverdi Kərimov, eləcə də texniki heyətin üzvləri Toğrul Rəhimli, Kəmalə Quluzadə, Alagöz Quliyeva və Briliyant Məmmədova iştirak ediblər.

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir