Həkim-psixiatr Leyla Bəşirova: “Həkimə hörmət insan həyatına hörmətdir”.
Son dövrlərdə ölkəmizdə səhiyyə işçilərinə, xüsusilə həkimlərə qarşı müşahidə olunan aqressiv və hörmətsiz münasibət ciddi narahatlıq doğurur. Təəssüf ki, bu yanaşma artıq ayrı-ayrı hallar çərçivəsini aşaraq sistemli xarakter almağa başlayıb və bəzi hallarda açıq şəkildə psixoloji təzyiq, hətta mobinq səviyyəsinə çatır.
Həkimlik peşəsi insanlıq tarixinin ən qədim və ən hörmətli peşələrindən biridir. Bu peşə yalnız bilik və bacarıq deyil, eyni zamanda böyük mənəvi məsuliyyət, fədakarlıq və vicdan tələb edir. Həkimlər gündəlik olaraq insan həyatını xilas etmək üçün çalışır, ağır və riskli qərarlar qəbul edir. Çox zaman öz şəxsi rahatlıqlarını ikinci plana keçirirlər.
Xüsusilə qeyd etmək lazımdır ki, müharibə dövründə ön cəbhədə vuruşan əsgərlərimiz və ordumuz Vətəni qoruduğu kimi, həkimlər də arxa cəbhədə onların həyatını xilas etmək, sağlamlıqlarını bərpa etmək üçün gecə-gündüz çalışıblar. Bu gün də həmin qəhrəman qazilərimizin müalicəsi və reabilitasiyası məhz həkimlərin üzərinə düşür və onlar bu məsuliyyətli missiyanı davam etdirirlər.
Buna baxmayaraq, hər hansı xoşagəlməz nəticə baş verdikdə, çox zaman məsələ araşdırılmadan, faktlar dəqiqləşdirilmədən birbaşa həkimlər günahlandırılır. Bu yanaşma nə hüquqi, nə də etik baxımdan qəbulediləndir. Bu, cəmiyyətdə yanlış təsəvvür formalaşdırır.
Son günlərdə Milli Onkologiya Mərkəzində baş vermiş ağır hadisə bu tendensiyanın nə qədər ciddi nəticələrə gətirib çıxara biləcəyini bir daha göstərdi. Baş verən partlayış nəticəsində əvvəlcə ağır xəsarətlər alan həkim, bütün tibbi müdaxilələrə baxmayaraq, sonradan həyatını itirdi. Beləliklə, biz yalnız bir həkimi deyil, eyni zamanda öz sahəsində peşəkar, savadlı və cəmiyyətə faydalı bir mütəxəssisi itirdik. Bu itki təkcə səhiyyə sistemi üçün deyil, bütövlükdə cəmiyyət üçün ağır itkidir.
Belə hadisələr fonunda həkimlərə qarşı məsuliyyətsiz və əsassız ittihamların səsləndirilməsi xüsusilə qəbuledilməzdir. Hər bir hadisə yalnız obyektiv, peşəkar və hüquqi çərçivədə araşdırılmalı və qiymətləndirilməlidir.
Açıq şəkildə qeyd etmək istəyirəm ki, həkimlərin davamlı şəkildə əsassız ittiham olunması və nüfuzdan salınması təkcə ayrı-ayrı şəxslərə qarşı deyil, bütövlükdə səhiyyə sisteminə qarşı yönəlmiş mənfi tendensiyadır. Bu cür yanaşma eyni zamanda səhiyyə sahəsinə rəhbərlik edən qurumlara və səhiyyə nazirliyinə olan ictimai etimadı da zəiflədir.
Bu prosesin davam etməsi artıq real nəticələr doğurur. Peşəkar və savadlı həkimlər ölkəni tərk edir, bəziləri isə ümumiyyətlə peşədən uzaqlaşır. Nəticədə zərər çəkən tərəf yenə də cəmiyyətin özü olur.
Həkimə hörmət insan həyatına hörmətdir. Bu peşəyə qarşı hörmətsiz yanaşma isə yalnız bir fərdi deyil, bütövlükdə cəmiyyətin dəyərlər sistemini zədələyir.
Cəmiyyətə çağırış edirəm, hər bir məsələyə emosional deyil, obyektiv və məsuliyyətli yanaşaq. Tənqid mümkündür, lakin bu, faktlara əsaslanmalı və etik çərçivədən kənara çıxmamalıdır. Həkimlərə qarşı hörmətin qorunması, əslində, hər birimizin sağlam gələcəyinin qorunması deməkdir.

