Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müstəviyə daxil olur

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri bəlli həqiqətlərə yeni işıq saldı. Belə ki, bu səfər möhtərəm İlham Əliyevin dünyanın nüfuzlu və sayılıb-seçilən siyasi liderləri ilə bir cərgədə dayandığını, Azərbaycanın isə qlobal səviyyədə yüksək imicə malik dövlət olduğunu növbəti dəfə təsdiq etdi. Elə buna görə də beynəlxalq münasibətlər sisteminin aparıcı siyasi, habelə qlobal iqtisadiyyatın ən nəhəng subyektlərindən olan  bir dövlətin rəhbərinin dəvəti ilə reallaşan bu səfər Azərbaycanın xarici siyasətinin mühüm hadisəsi kimi qiymətləndirilməlidir”.

İctimai.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Asif Əsgərov Prezident İlham Əliyevin Çinə səfəri ilə bağlı Azərbaycan qəzetinə verdiyi açıqlamanda deyib. Sözügedən açıqlamanı olduğu kimi təqdim edirik:

Çin Azərbaycanın regionda yaratdığı reallıqları tanıyır

Azərbaycan və Çin xalqları arasında münasibətlərin tarixi olduqca qədimdir. Tarixi mənbələr də təsdiq edir ki, ölkəmizin yerləşdiyi  coğrafiyadan keçən tarixi İpək yolu əsasən Orta əsrlərdən ticarət əlaqələrinin yaranmasına vəsilə olmuşdur. O cümlədən sovet hakimiyyəti illərində Azərbaycanla Çin arasında mədəni sferada əməkdaşlıq həyata keçirilmişdir.

Müasir Azərbaycan-Çin münasibətlərinin tarixi 1991-ci ildən başlayır. Çin Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk tanıyan dövlətlər sırasında yer alır. Bu ölkə Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 27-də tanımış, 1992-ci il aprelin 2-də iki dövlət arasında diplomatik münasibətlərin əsası qoyulmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin mart ayında Çinə rəsmi səfəri zamanı isə hazırkı sıx münasibətlərin təməlləri yaradılmışdır. Məhz həmin səfərdən sonra iki ölkə arasında ikitərəfli münasibətlər daha da möhkəmlənmiş, əlaqələr sürətlə inkişaf mərhələsinə qədəm qoymuşdur.

Çinin ərazi bütövlüyünə hörmətlə yanaşan Azərbaycan həmişə “Vahid Çin” ideyasını dəstəkləmiş, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bu mövqeyini bəyan etmişdir. Azərbaycan vahid Çin  dövlətini tanıyır və Tayvanı bu dövlətin ayrılmaz hissəsi kimi qəbul edir. Çin Xalq Respublikası isə öz həllini tapmış Qarabağ məsələsində Azərbaycanın ədalətli və haqlı mövqeyini birmənalı şəkildə müdafiə etmiş, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə əməl edilməsinə çağırmışdır. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Çin həm 2020-ci ilin 44 günlük Vətən müharibəsi, həm də 2023-cü ilin antiterror əməliyyatları zamanı obyektiv və ədalətli mövqe ortaya qoymuşdur. Məmnunluq doğuran həm də odur ki, Çin Azərbaycanın Vətən müharibəsindən sonra regionda yaratdığı reallıqları tanıyır və ölkəmizin sülh gündəliyinə dəstək verir.

Qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər

Hazırda Azərbaycanla Çin Xalq Respublikası arasında qarşılıqlı maraqlara söykənərək bir çox sahədə faydalı əməkdaşlıq həyata keçirilir. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Çinin “Sinxua” Agentliyinə verdiyi müsahibədə iki ölkə arasındakı əlaqələr geniş və əhatəli fikir süzgəcindən keçirilib. Müsahibədə siyasi münasibətlərlə bağlı qeyd olunan məqamlar, eləcə də diqqət yetirilən iqtisadi göstəricilər Azərbaycanın siyasi və iqtisadi münasibətlərində Çinin prioritet tərəfdaşlardan biri olduğunu təsdiq edir.

Siyasi münasibətlərdən bəhs edərkən qeyd etməliyik ki, son illərdə Azərbaycanla Çin arasında ali və yüksəksəviyyəli təmaslar əhəmiyyətli dərəcədə artmışdır. Əlbəttə, bu məsələdə Azərbaycan və Çin liderləri arasında olan qarşılıqlı etimad və səmimiyyətə söykənən dostluq münasibətləri böyük rol oynayır. Bu, iki ölkə arasındakı münasibətlərin dinamikasına xüsusi impuls verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Azərbaycan Prezidentinin və Çin Xalq Respublikası Sədrinin əlamətdar günlər və hadisələr münasibətilə bir-birlərinə ünvanladıqları məktubların məzmunu həm dövlətlərarası siyasi əlaqələrin, həm də iki dövlətin liderləri arasındakı dostluq münasibətlərinin bariz ifadəsidir.

İki ölkənin liderləri səviyyəsində təşəkkül tapmış, qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər digər sferalarda, o cümlədən iqtisadi sahədə müşahidə olunan hazırkı yüksək inkişaf dinamikasının təməlində dayanır. Hazırda Azərbaycanla Çin arasında iqtisadiyyatın ayrı-ayrı seqmentləri – neft-qaz, sənaye, yüksək texnologiyalar, innovasiyalar və kosmik sahələrdə əməkdaşlıq həyata keçirilir. O cümlədən Çin Azərbaycanın “yaşıl enerji” gündəliyinin əsas tərəfdaşlarından biridir. Azərbaycanda son illərdə “yaşıl enerji”yə keçidlə bağlı çoxsaylı layihələr reallaşdırılır. Respublikamızın bu sahədə qarşıya qoyduğu əsas hədəf yaxın gələcəkdə həm də “yaşıl enerji” ixracatçısına çevrilməkdir. Son illərdə texnoloji inkişafda möhtəşəm nailiyyətlərə imza atan Çin Azərbaycanın “yaşıl enerji” layihələrinin texniki resurslarla təchizatına böyük töhfələr verir. Ölkəmizin “yaşıl enerji” prioritetlərinin reallaşmasında Çinin texnoloji təcrübəsi uğurla tətbiq olunur.

Azərbaycanla Çin arasında ticari-iqtisadi dövriyyənin sürətlə artan həcmi də bu sahədə həyata keçirilən uğurlu əməkdaşlığın göstəricisidir. Təkcə ötən il ticari dövriyyənin həcmi 2023-cü illə müqayisədə 21 faizə yaxın artaraq 3,744 milyard ABŞ dollarına çatmışdır. Bunun nəticəsində Çin Azərbaycanın xarici iqtisadi əlaqələrində 4-cü ən böyük ticarət tərəfdaşına çevrilmişdir.  Belə ki, ölkəmizin xarici ticarət dövriyyəsində Çinin payı hazırda 7,9 faiz təşkil edir. Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i aktiv fəaliyyət göstərir.

İki dövlət arasında qarşılıqlı sərmayə qoyuluşunun həcmi də məmnunluq doğurmaqla  iqtisadi münasibətlərin artan dinamikasından xəbər verir. Çindən Azərbaycana yönələn investisiyaların həcmi artıq 942 milyon dollara çatıb. Azərbaycan sərmayələrinin Çinə yatırılan ümumi həcmi isə təqribən 2,1 milyard ABŞ dolları təşkil edir.

Azərbaycan-Çin münasibətlərindən danışarkən nəqliyyat-logistika sahəsində həyata keçirilən qarşılıqlı faydalı əməkdaşlıq xüsusi qeyd edilməlidir. Çağdaş dövrümüzdə nəqliyyat dəhlizlərinin yalnız iqtisadi deyil, həm də siyasi məzmun kəsb etdiyini nəzərə alsaq, Azərbaycanla Çin arasında bu sferada formalaşmış əməkdaşlığın strateji əhəmiyyətini görmək olar. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olaraq, reallaşdırdığı irimiqyasylı nəqliyyat-infrastruktur layihələri ilə bu təşəbbüsün həyata keçirilməsinə öz əhəmiyyətli töhfəsini verməkdədir. 6 il öncə – 2019-cu ilin aprelində Pekin şəhərində keçirilən 2-ci “Bir kəmər, bir yol” Forumunda Cənubi Qafqaz regionundan iştirak edən yeganə dövlət rəhbəri Azərbaycan Prezidenti cənab İlham Əliyev olmuşdur. Həmin səfər zamanı keçirilən görüşdə Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə xitabən demişdir: “Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram”. 

Azərbaycandan keçən nəqliyyat yolları “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində nəqliyyat imkanlarının reallaşdırılması üçün mühüm perspektivlər açır. Orta dəhliz isə yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən sürətli yoludur.  Bu yolla daşınan yüklərin həcminin artması da onun qlobal rəqabətdə tezliklə üstün mövqeyə yüksələcəyindən xəbər verir. Belə ki, Orta dəhliz vasitəsilə Azərbaycanla Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur.

Qeyd olunan rəqəmlərdən də göründüyü kimi, Azərbaycan-Çin iqtisadi münasibətlərində və ticari-iqtisadi dövriyyədə əhəmiyyətli dərəcədə yüksəliş və artım əsasən ötən ildən etibarən baş vermişdir. Bunun da başlıca səbəblərindən biri Şanxay Əməkdaşlıq Təşkilatının 2024-cü ilin iyul ayında Qazaxıstanın paytaxtı Astanada keçirilən Zirvə toplantısı zamanı qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”dir. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi, Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Bəyannamənin əsas müddəalarında da qeyd edildiyi kimi, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmət, bərabərlik, etimad və dəstəyə əsaslanır. Ən əsası strateji tərəfdaşlıqdan irəli gələrək Azərbaycan – Çin münasibətləri yeni keyfiyyət mərhələsinə yüksəlib.

Etibarlı strateji tərəfdaşlar

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu günlərdə Çinə etdiyi dövlət səfəri isə münasibətlərdə tamamilə yeni səhifə açır. Öncə onu qeyd edim ki, Prezident İlham Əliyev bundan əvvəl də Çinə dövlət, rəsmi və işgüzar səfərlər etmişdir. Ölkələr arasında həyata keçirilən səfərlərin sırasında birinci növbədə ali səviyyə xarakteri daşıyan dövlət səfərləri dayanır. Ona görə dövlət səfəri öz məzmununa görə ölkələrarası münasibətlərin ən yüksək səviyyəsini ifadə edir. Bu isə Prezident İlham Əliyevin indiyə kimi Çin Xalq Respublikasına etdiyi ikinci dövlət səfəridir. Çin Xalq Respublikası Sədrinin dəvəti ilə reallaşan bu ali səfər Azərbaycan Prezidentinə və respublikamıza olan yüksək ehtiramın nümunəsidir.

Bu səfərin bütün detalları bir daha Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlığa uyğun inkişafından xəbər verir.  Bu sırada Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyəsinin qiymətləndirilməsi baxımından səfərin əsas hadisəsidir. Bu görüşdə Çin Xalq Respublikasının Sədrinin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinə (AQEM) sədrliyini böyük məmnunluqla vurğulaması və bu xüsusda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirməsi, COP29-un Azərbaycanda uğurla keçirilməsi və Qlobal Cənubun maraqlarının təmsil olunması baxımından Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirməsi, “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən birinin Azərbaycanın olduğunu xüsusi xatırlatması və Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə toplantısına və bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət etməsi dövlətimizin başçısına və respublikamıza olan yüksək hörmətin növbəti təsdiqidir.

Səfərin digər əsas hadisəsi iki dövlət arasında imzalanan sənədlər oldu ki, onların arasında “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” iki dövlətin münasibətlərinin gələcək perspektivləri baxımından xüsusi əhəmiyyətə malikdir. Əvvəldə qeyd etdiyimiz kimi, ötən ilin iyulunda Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub.  Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində imzalanan Birgə Bəyanat isə iki dövlətin strateji tərəfdaşlığını tamamilə yeni səviyyəyə yüksəldir. Birgə Bəyanata əsasən, tərəflər öz maraqlarının, suverenliklərinin, təhlükəsizliklərinin və ərazi bütövlüklərinin qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır. Öz növbəsində Çin Azərbaycanın sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.

Birgə Bəyanat bir daha göstərdi ki, Azərbaycanla Çin bir-birini etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi qəbul edir. Eyni zamanda əlaqələrin gələcək perspektivləri ilə bağlı müxtəlif məsələlərin öz əksini tapdığı bu ali sənəd tərəflərin qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, özlərinin birgə mənafeləri naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edir.

Prezident İlham Əliyevin Çinə dövlət səfəri göstərdi ki, hər iki ölkənin rəhbəri dövlətlərarası münasibətlərin daha da inkişafı üçün güclü siyasi iradə nümayiş etdirir. Əlbəttə ki, Prezident İlham Əliyevlə Sədr Si Cinpinin dostluğu bu əlaqələrin daha da inkişafı üçün əlverişli zəmin yaradır. Eyni zamanda bu əlamətdar və tarixi səfər təsdiq etdi ki, dünyanın supergüclərindən olan Çin Xalq Respublikası yeni dünya nizamında Azərbaycan dövlətinin yerini və rolunu düzgün qiymətləndirir”.

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir